Bu ilin avqust ayında Azərbaycanda tikinti materialları iyul ayına nisbətən 0,4%, ötən ilin avqust ayı ilə müqayisədə isə 26,7% bahalaşıb.
Bu barədə “Report”a “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, ayrı-ayrı materiallar üzrə isə qiymətlərin aylıq və illik dinamikası fərqlidir.
"Məsələn, dəmir məmulatlarında ötən ay qiymət artımı qeydə alınmasa da, illik müqayisədə 19,2 % artım olub. Taxtanın qiymətində isə ay və il ərzində 10,1 % azalma baş verib. Dikt qiymətlərində ay ərzində 6,6 % azalma var, il ərzində isə bu materialın qiymətinin eyni qaldığını demək olar. Sement qiymətlərində ay ərzində 2,6 % azalma var. Şüşə məmulatlarında ay ərzində heç bir dəyişiklik olmayıb, lakin il ərzində 14,2 % artım var”, - deyə o, qeyd edib.
Ekspert əlavə edib ki, adətən payız aylarında taxta məmulatlarında bahalaşma müşahidə olunur: "Biz taxta məmulatlarını əsasən Rusiyadan idxal etdiyimiz üçün qiymət oradakı vəziyyətdən asılı olur. Payızda yağış və qar yağdığı üçün Rusiya meşələrindən taxtanın əldə olunması çətinləşir və bu da özünü qiymətdə göstərir.
Hansı məhsulların qiymətinin ilin sonuna qədər aşağı düşəcəyini demək isə çətindir. Çünki bu, daha çox idxaldan və tikinti sektorunun vəziyyətindən asılıdır".