Azərbaycanda quru limanların sayının artırılması təklif olunur

Azərbaycanda quru limanların (dry port) sayı artırılmalıdır.

“Report” xəbər verir ki, bunu iş adamı Elmir Poladov Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.

"Hazırda Azərbaycanda cəmi bir quru liman (Abşeron Logistika Mərkəzi) var", - deyə o qeyd edib.

"Bundan başqa, vaqon parkı yenilənməlidir. Dünya artıq ikimərtəbəli vaqonlara, yəni iki vaqonun üst-üstə qoyulduğu sistemə keçib. Məsələn, bir qatar 50 vaqon gətirirsə, sistem dəyişsə 100 vaqon gətirə biləcək", - deyə sahibkar əlavə edib.

Bundan başqa, o təklif edib ki, vergi sistemində islahatlar aparılsın: "Mənfəət vergisi sistemi çox sərtdir. Bir sıra ölkələr vahid sistemdən istifadə edirlər. Vergi ya dividenddən, ya da marjadan tutulur. Əgər qazanılan pul yenidən investisiyaya yönəldilirsə, o vergidən azad edilir. Təəssüf ki, bizdə hələ bu sistem yoxdur".

Digər xəbərlər