2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə 26 milyondan çox bildiriş göndərib.
"Report" xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
"Bu o deməkdir ki, vergi orqanı olaraq aşkar etdiyim risk barədə dərhal vergi ödəyicisinə məlumat verirəm. Bu, vergi ödəyicisinin həmin uyğunsuzluğu və riski əvvəlcədən aradan qaldırması üçün addım atmasına xidmət edir. Könüllü əməl etmə ilə vergi nəzarətini bir-birinə alternativ hesab etmirik. Bunlar əl-ələ gedən proseslərdir. Rəqəmsal alətlər və süni intellekt vasitəsilə böyük həcmli məlumatları emal edir, müəyyən etdiyimiz risklər barədə vergi ödəyicilərinə məlumat göndəririk ki, onlar vaxtında tədbir görsünlər və vergi öhdəliklərinə könüllü əməl etsinlər", - deyə o qeyd edib.
Bundan başqa, vergi rəsmisi deyib ki, vergi ödəyicilərinin müraciətlərinin emalında 85% dəqiqlik əldə edilib: "Daxili inzibatçılıqda da bu istiqamətdə işlər aparırıq. Vergi ödəyicilərindən milyonlarla sorğu, müraciət alırıq. Müraciətlərin düzgün strukturlaşdırılması, mahiyyətinə uyğun olaraq hansı struktur bölmənin məsuliyyətinə aid olduğunun, icraya hara yönləndirilməli və hansı kateqoriyaya aid olduğunun müəyyənləşdirilməsi üçün pilot layihə həyata keçirmişik. Təxminən 6-7 ay davam edən pilot layihə çərçivəsində 11 minə yaxın sənəd emal olunub və onların düzgün təsnifləşdirilməsi üzrə 85 % dəqiqliyə nail olunub. Bu, bir tərəfdən daxili inzibatçılığın təkmilləşdirilməsinə və resurslara qənaət edilməsinə, o cümlədən büdcəyə daxil olan hər 100 manat vergi gəlirinin təmin edilməsi üçün daha az vəsait sərf olunmasına, digər tərəfdən isə sahibkarların müraciətlərinə daha çevik şəkildə baxılmasına, insan səhvlərinin azaldılmasına imkan yaradır".