Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 1,052 milyon ABŞ dolları dəyərində ölçülü dozalarda verilən dərmanlar idxal edib.
“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40,8 % azdır.
Hesabat dövründə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərmanların həcmi isə illik müqayisədə 4 dəfə azalaraq 14,6 tona enib.
Yanvarda Gürcüstandan Türkiyəyə 5,354 milyon ABŞ dolları dəyərində 127 ton ölçülü dozalarda verilən dərman ixrac edilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 34,8 % və 3,3 dəfə çoxdur.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.
Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.