2022-ci ildə Azərbaycana xaricdən 22,2 milyon ABŞ dolları dəyərində 1 min 376 ədəd lift və skipli yük qaldırıcı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 24 % azdır.
Hesabat dövründə Çindən 14,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 799 ədəd (-36 %), Türkiyədən 3,11 milyon ABŞ dolları dəyərində (+17 %) 317 ədəd (+49 %), Tailanddan 1,417 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 36 ədəd (+6 dəfə), Slovakiyadan 1,11 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 31 ədəd (-76 %), Koreyadan 449,03 min ABŞ dolları dəyərində (-17 %) 17 ədəd (-63 %) məhsul gətirilib.
Azərbaycana Danimarkadan (43 min ABŞ dolları dəyərində 1 ədəd), Fransadan (124,23 min ABŞ dolları dəyərində 4 ədəd), İrandan (16 min ABŞ dolları dəyərində 1 ədəd), İtaliyadan (280 min ABŞ dolları dəyərində 2 ədəd), İsveçrədən (41 min ABŞ dolları dəyərində 1 ədəd), Norveçdən (13,2 min ABŞ dolları dəyərində 8 ədəd) və Polşada (3,1 min ABŞ dolları dəyərində 3 ədəd) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ukraynadan (313 min ABŞ dolları dəyərində 7 ədəd) idxal həyata keçirilib.