Türkiyədəki sərmayədarlar Azərbaycana investisiya qoymazdan əvvəl həm imkanları, həm də riskləri dərindən araşdırmalıdırlar.
Bunu “Report”a müsahibəsində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın bildirib.
"Yazılı qanunvericilikdən əlavə, bunların Azərbaycanda tətbiqi ilə bağlı vəziyyəti də bilmək lazımdır. Son illər Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan xüsusi iqtisadi zonalarda və sənaye zonalarında xarici investorlara güzəştlər təklif olunur. Lakin bütün keçmiş sovet ölkələrində müstəqilliyin nisbətən yeni olması və institusional proseslərin tam başa çatmaması səbəbindən investisiya prosesində bəzi problemlərin yaranması mümkündür”, - deyə o qeyd edib.
“Azərbaycan iqtisadiyyatının inkişafında neft və təbii qaz ehtiyatları böyük rol oynasa da, kənd təsərrüfatından turizmə, logistikadan tikintiyə və digər sahələrə böyük investisiya imkanları mövcuddur. Bu ölkənin coğrafi mövqeyi, logistik imkanları və tarixi əlaqələri sayəsində burada istehsal olunan məhsullar Rusiya və Mərkəzi Asiya bazarlarına daha asan çıxış əldə edə bilir”, - deyə sədr əlavə edib.
C.Yanqınla müsahibəni buradan oxuya bilərsiniz.