Bakı. 18 may. REPORT.AZ/ "ABŞ şirkətlərini Xəzər regionunda biznesini genişləndirməyə çağırıram".
"Report" xəbər verir ki, bunu Vaşınqtonda keçirilən "Trans Caspian Forum" çərçivəsində ABŞ-ın Ticarət Departamentinin Avrasiya regionu üzrə şöbə rəhbəri Metyu Edvards deyib.
Onun sözlərinə görə, təmsil etdiyi departament Xəzər regionuna böyük diqqət yetirir: "Biz Amerika şirkətlərinin Xəzər regionu bazarlarında işləməsi üçün kreativ yollar tapmaq məqsədi ilə ciddi iş görürük. Ümid edirik ki, yerli şirkətlər regionun imkanlarından yararlanacaqlar".
M.Edvards bu regionla bağlı hər hansı bir imkandan yararlanmaq, tenderdə qalib gəlmək istəyən şirkətlərə müvafiq departamentə müraciət etməyə tövsiyə edib.
ABŞ dövlət katibinin müavininin əsas köməkçisi Brayan MakFiters bildirib ki, ölkəsi Xəzər regionunu gələcəyinin bir hissəsi kimi görür. O, tərəfdaşlıq və iqtisadi imkanların yaradılması üçün texnologiyalardan istifadə etməyə çağırıb.
Forum Azərbaycanın və Əfqanıstanın ABŞ-dakı səfirləri Elin Süleymanov və Hamidulla Mohibin çıxışları və sual-cavab sessiyası ilə davam edəcək. Qeyd edək ki, tədbir "Caspian Policy Center" və "AmCham" tərəfindən təşkil olunub. Tədbirin tərəfdaşları qismində "Chevron", "Schneider Group", "Boeing", "Caspian Foundation" çıxış ediblər.