ABŞ-da işsizlərin sayı 1940-cı ilin rekordunu yeniləyərək mart ayının 4,4 faizinə qarşı aprel ayında 14,7 faizə yüksəlib. Eyni zamanda iqtisadiyyatın qeyri-kənd sahələrindəki işçi sayı da rekord sayılan 20,5 milyon nəfər azalıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Əmək Departamentinin məlumatında bildirilir.
“Aprel ayında işsizlik səviyyəsi 10,3 faiz bəndi artaraq 14,7 faizə çatıb ki, bu da aylıq məlumatların tutulduğu tarix ərzində ən yüksək göstərici və ən kəskin artımdır (mövsümi tərəddüdləri nəzərə alan məlumatlar 1948-ci ilin yanvar ayından açıqdır)”.
Həmçinin aprel ayında orta saatlıq əməkhaqqı illik hesabla 7,9 faiz artaraq 30,01 ABŞ dollarına çatıb.
Qeyd edək ki, 1948-ci ildək hökumət sadəcə illik məlumatları dərc edirdi. Bu məlumata görə, ABŞ-da işsizliyin tarixən ən yüksək həddi 1933-cü ildə, yəni Böyük Tənəzzül dövründə 24,9 faiz səviyyəsində qeydə alınıb. 1948-ci ildən etibarən tutulan aylıq rəqəmlərə görə isə ən yüksək göstərici 1982-ci ilin dekabr ayında 10,8 faiz səviyyəsində olub.
Eyni zamanda Milli İqtisadi Araşdırmalar Bürosunun (NBER) da 1929-cu ildən tutduğu aylıq məlumatlara görə, 1940-cı ilin may-iyul aylarında işsizliyin səviyyəsi 14-15 faiz, 1933-cü ilin may ayında isə 25,6 faizlik ən yüksək həddə çatıb.
Ölkə iqtisadiyyatının qeyri-kənd sahələrindəki işçi sayına dair aylıq məlumatlar hökumət tərəfindən 1939-cu ildən tutulur. Bu məlumatlara görə həmin işçilərin 1945-ci ilin sentyabr ayında 1 959 min nəfər azalması indiyədək qeydə alınmış ən kəskin azalma olub.