“Minsk 2019”: Azərbaycanın bir güləşçisi qızıl, üçü bürünc medal qazanmaq şansı əldə edib - FOTO - YENİLƏNİB

Azərbaycanın daha bir sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünü keçirib.

"Report"un məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov gürcüstanlı Givi Matçaraşvili ilə üz-üzə gəlib.

Məğlub olan Azərbaycan təmsilçisi üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Aleksandr Qostiyev (86 kq) də yarımfinalda rusiyalı Dauren Kuruqliyevə uduzub. O da bürünc medal uğrunda mübarizə aparacaq.

1/8 finalda məğlub olan Hacımurad Hacıyev isə rəqibi finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, Daha öncə Mahir Əmiraslanov (57 kq) finala vəsiqəni təmin edib.


*** 19:23

Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Zaur Uquyevlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.

Əmiraslanov həlledici görüşdə serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək. Final sabah keçiriləcək.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Cəmaləddin Məhəmmədov (125 kq) və Aleksandr Qostiyev (86 kq) də 1/2 final görüşlərinə çıxacaq. Onlar müvafiq olaraq gürcüstanlı Givi Matçaraşvili və rusiyalı Dauren Kuruliyevlə qarşılaşacaqlar.

Digər xəbərlər