Gələn il qlobal iqtisadiyyatı gözləyən əsas təhlükələr müəyyənləşib

Bakı. 26 dekabr. REPORT.AZ/ 2017-ci il gözləntilərin əksinə maliyyə bazarları üçün sakit, sabit və yüksələn istiqamətdə başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, bu il maliyyə bazarlarında volatillik xeyli zəifləyib, dünya iqtisadiyyatında proqnozları üstələyən artım qeydə alınıb.

Lakin 2018-ci ildə dünya maliyyə bazarları ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankının (ECB) balanslarını azaltmağa başlaması nəticəsində likvidlik problemi ilə üzləşə bilər. "Bank of America Merrill Lynch"in dekabr ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, maliyyə bazarları üçün əsas təhlükə 2018-ci ildə borc bazarında yaranan "köpük" olacaq. Digər təhlükələr sırasında inflyasiya və istiqrazların gəlirliliyinin artması amilləridir. Artıq kapitalın hərəkəti bu gərginliyi əks etdirməyə başlayıb. Belə ki, dekabr ayında son 14 ayda ilk dəfə olaraq korporativ istiqraz bazarından investorların uzaqlaşması prosesi qeydə alınıb.

2018-ci ildə bir çox ölkədə seçkilər keçiriləcək. Bura Rusiya, Braziliya, Meksika kimi inkişaf etməkdə olan ölkələr aiddir. İnvestorların bu ölkələrin monetar siyasətlərində dəyişikliklərə diqqət etməsi lazım olacaq.

Gələn il avronun bahalaşması istisna edilmir. Xatırladaq ki, avro üçün 2017-ci il son 14 ildə dollarla müqayisədə ən yüksək artım qeydə alınan il olub. Yeni ildə USD/EUR-un 1,2290-a yüksəlmə ehtimalı 67%, 1,2560-a kimi artması ehtimalı isə 50%-dir.

2018-ci ildə investorlar həmçinin Çin iqtisadiyyatının yavaşlamasını və kriptovalyuta bazarını diqqətlə izləyəcəklər.