İradə İbrahimova: "Ağac tinglərinin paylanılması ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vətəndaşlara təmənnasız ağac tinglərinin paylanması aksiyası davam edir.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a açıqlamasında vətəndaşlara paylanılan ağac tinglərinin hamısının əkildiyinə ümid etdiyini deyib.

O qeyd edib ki, hər halda, tinglər əkilmək üçün götürülür: "Payladığımız ağacların 60-70 faizi belə əkilərsə və bitiş olarsa, bunun özü yüksək bir göstəricidir. Ağac tinglərinin paylanması ölkədə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxsi bir stimuldur. Məqsədimiz ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır. Bu da ətraf mühitin qorunması üçün aparılan təbliğatın bir formasıdır".

"Paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Regionlarda, əsasən, meyvə tingləri paylanır ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq. İnanmıram ki, ağac əkən kəs ağac kəsməyə meylli ola, əksinə, ağac kəsmək istəyənə mane olar. Ümid edirik ki, hər kəs tərəfindən ağacların əkilməsi, qorunması getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq"- deyə o əlavə edib.