Gürcüstan parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılacaq

Bununla əlaqədar iş gedir

Bununla əlaqədar iş gedir

Tbilisi. 12 fevral. REPORT.AZ/ Gürcüstan parlamentində tezliklə Azərbaycan ilə dostluq qrupu yaradılacaq.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Gürcüstan parlamentinin deputatı Tamaz Naveriani söyləyib.

O, Azərbaycanın Gürcüstan üçün strateji tərəfdaş olduğunu deyib:

"İki ölkənin parlamentləri arasında dostluq qruplarının yaradılması qarşıda duran əsas məqsədlərdən biridir. Azərbaycan parlamentində belə bir qrup var. Gürcüstan parlamentində bununla əlaqədar iş gedir və tezliklə belə bir qrup fəaliyyətə başlayacaq. İnanıram ki, parlamentlərarası dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, bütövlükdə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Parlamentin digər deputatı Ruslan Hacıyev də belə bir qrupun yaradılmasını vacib sayır:

"Doqquzuncu çağırış Gürcüstan parlamentində prosedur məsələlər artıq başa çatıb. Qanunlar paketi, xarici siyasət kursu və s. məsələlər artıq öz həllini tapıb. Hazırda bir sıra məsələlər, o cümlədən Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılması ilə bağlı məsələ müzakirə olunur. Tezliklə dostluq qrupu yaradılacaq".

R.Hacıyev hesab edir ki, parlamentlərarası dostluq qruplarının yaradılması, deputatların mütəmadi səfərlərinin təşkil olunması, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, parlamanetlərarası beynəlxalq qurumlarda birgə əməkdaşlıq iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.