Müslüm Maqomayevin xatirəsi anılıb

Böyük sənətkarın ölümündən 9 il keçir

Böyük sənətkarın ölümündən 9 il keçir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Fəxri xiyabanda opera və estrada müğənnisi, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

"Report" xəbər verir ki, böyük sənətkarın ölümünün ildönümündə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, M.Maqomayevin sənət dostları və ictimai xadimlər Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

Ə.Vəliyev qeyd edib ki, sənətçinin ölümündən artıq 9 il keçir: "Müslüm Maqomayev harda olmağından asılı olmayaraq Azərbaycan musiqisini hər zaman uca tutub. O, həm Azərbaycan bəstəkarlarını, həm dünya musiqisinin incilərini dünyanın möhtəşəm konsert zallarında ifa edib. Müslüm Maqomayev Azərbaycan musiqisinə şərəf və şöhrət gətiririb. Ölümündən sonra Bakıdakı musiqi məktəblərindən birinə onun adı verilib. Böyük sənətkarları cismi olaraq itirsək də onlar ölümləri ilə əbədiliyə qovuşurlar. Müslüm Maqomayev Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaqdır".

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.

O, "Seviliya bərbəri" operasında möhtəşəm çıxışı ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Bununla bərabər Maqomayev “Nizami” filmində baş rolda çəkilib, Eldar Quliyevin filminə, Qleb Drozdovun tamaşasına musiqi bəstələyib. Maestronun repertuarında 600-dən çox əsər olub. Müslüm Maqomayev SSRİ-nin xalq artisti olub.

Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də, ömrünün 67-ci ilində vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn edilib.