Azərbaycanda sənaye istehsalı 2% artıb

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-avqust aylarında 30,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2% artıb.

Sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5% azalıb, əmtəəlik qaz hasilatı isə 30,9% artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1%, kompüter, elektron və optik məhsulların istehsalı 78%, içkilərin istehsalı 44,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8%, tütün məmulatlarının istehsalı 32,2%, kimya sənayesi məhsullarının istehsalı 30,7%, mebel istehsalı 30,4%, kağız və karton istehsalı 26,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4%, qida məhsullarının istehsalı 15,7%, poliqrafiya məhsullarının istehsalı 12%, maşın və avadanlıqların istehsalı 4,6%, tikinti materiallarının istehsalı 4,2%, geyim istehsalı 8,1%, neft məhsullarının istehsalı 1,6% artıb, əczaçılıq məhsullarının istehsalı 9,8%, elektrik avadanlıqlarının istehsalı 11,1%, sair nəqliyyat vasitələrinin istehsalı 14,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5% artıb.