Gürcüstanda azərbaycanlı abituriyentlər ali məktəbə qəbul proqramı haqqında məlumatlandırılıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda ali məktəblərə qəbul üzrə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı ilə bağlı məlumatlandırıcı görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin Aparatı məlumat yayıb.

Dmanisinin Hamamlı kənd ictimai məktəbində baş tutmuş tədbirdə Dövlət naziri Aparatı və Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzinin nümayəndələri yuxarı sinif şagirdlərinə “1+4” proqramı barədə ətraflı məlumat təqdim ediblər.

Görüşə Dmanisi rayonunun Yuxarı Oruzman və Aşağı Oruzman kənd məktəblərinin şagirdləri də qatılıb.

Tədbirdə David Aqmaşenebeli adına Milli Müdafiə Akademiyasının nümayəndələri də “1+4” proqramı barədə təqdimatla çıxış ediblər.

Görüşün sonunda müzakirələr keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tətbiqinə 2010-cu ildən başlanılmış “1+4” proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər. İlin sonunda 60 kredit balı toplaya bilən tələbələr imtahan vermədən istədikləri fakultədə təhsillərini davam etdirə bilirlər.

2018-2019-cu tədris ilində Gürcüstanın ali məktəblərinə bu proqram üzrə 788 azərbaycanlı gənc daxil olub.