Bakı məktəbində şagird idarəetmə sistemi yaradılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində şagird idarəetmə sistemi yaradılıb.

İdarədən "Report"a verilən məlumata görə, şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcək peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə kömək etməkdən ibarətdir.

Paytaxtdakı 192 nömrəli tam orta məktəbdə yaradılan şagird idarəetmə sistemi çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə edirlər. Tədris ocağında mövcud iş rejimi gözlənilir və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini uğurla yerinə yetirirlər.

Məktəb idarəetməsində iştirak edən VIII, IX və X sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilirlər.

Qeyd edək ki, məktəbdə şagird idarəetmə sistemi ilə bağlı “Açıq qapı” günü təşkil olunacaq. “Açıq qapı” günündə valideynlərə layihə çərçivəsində məktəb idarəetməsində iştirak edən şagirdlər və həftə ərzində yerinə yetirilən tapşırıqlar haqqında geniş məlumat veriləcək.