Prezident Administrasiyasının nümayəndələri Binəqədi sakinlərinin şikayətlərini dinləyib - VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda vətəndaşlarla görüşüb.

"Report"un görüşdə iştirak edən əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən və rayon rəhbərliyinin də qatıldığı qəbulda sakinlərin qaldırdıqları məsələlər dinlənilib.

Müraciətlərin bir hissəsi yerində həllini tapıb, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Binəqədi rayon sakini Ayşə Məmmədova “Report”a açıqlamasında bildirib ki, uzun illər qonşusu ilə yaşadığı problemlər üzündən evində rahat yaşaya bilmir. Buna görə də probleminin aradan qaldırılması üçün qəbula gəlib: “Qonşumuzla problemimiz var, bizim evə gəlib-gedənləri təhqir edir. Narahat edir bizi. Bəlkə də, elə böyük problem olmadığını düşünəcəksiniz. Amma inanın ki, evimizə onun əlindən qonaq gəlmir. Bizim nüfuzumuza xələl gətirir. Qəbulda da iştirak etdik. Administrasiyanın məsul işçiləri bizi çox hörmətlə qəbul etdilər. Şikayətimizə baxdılar. Məsələ nəzarətə götürüldü”.

Qəbulda iştirak edən Vahid Əliyev “Report”a deyib ki, oğlunun işlə təmin olunması üçün Prezident Administrasiyasının məsul işçiləri ilə görüşüb: “Mən qəbulda kürəkənimin işdən çıxarılması problemi ilə bağlı iştirak edirdim. Azyaşlı övladları var. Ailəni saxlamaq, dolandırmaq lazımdır. Kürəkənimi işdən çıxarıblar, istəyim o idi ki, ya əvvəlki iş yerinə qaytarılsın, ya da ki, digər işlə təmin olunsun. Administrasiyanın məsul işçiləri müraciətimi dinlədikdən sonra qeydlər apardılar və söz verdilər ki, problem tezliklə həll oluncaq”.

Problemlərindən danışan Firudin Həsənov da “Report”a açıqlamasında oğlunun işlə təmin olunması ilə bağlı qəbulda iştirak edib: “Oğlumun işdən çıxarılması ilə bağlı gəlmişəm. Demək olar ki, yaxın günlərdə bu problem həll olunacaq. Bununla bağlı xüsusi göstərişlər də verildi”.

16 ildir məhbus həyatı yaşayan oğlunun əfv olunması üçün qəbulda müraciət edən Təranə Məmmədova “Report”a açıqlamasında Prezident İlham Əliyevdən probleminin həll olunması üçün göstəriş verməsini xahiş edib: “ Oğlum Məmməd Məmmədov 19 yaşında həbs olunub. Ömürlük azadlıqdan məhrum edilib. Mən heç nədən şikayətçi deyiləm. Arzum və istəyim təkcə odur ki, gözümün ağı-qarası olan oğlum əfv olunsun. 16 il bundan əvvəl onunla birlikdə həbs olunanlar azadlığa çıxdılar. Amma mənim oğlum ömürlük qaldı. Mənim heç kimim yoxdur, həyuat yoldaşım da dünyasını dəyişib. Məmməddən başqa da övladım yoxdur ki, təskinlik tapım. Prezidentə xahiş edirəm ki, oğlumu cavanlığına bağışlasın. 16 ildir ki, küçələrdəyəm. Qəbulda da bildirdilər ki, müraciət qeydə alındı və bununla bağlı araşdırma aparılacaq”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq bu gün Bakının Binəqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul ediblər.