Maksim Medvedev: "Xorvatiyadan xal alsaq, ev oyunlarında hansısa partlayış gözləmək olar" - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan millisinin yeni kapitanı Maksim Medvedevin "Report"a müsahibəsi

- AVRO-2020 seçmə mərhələsinin ilk turunda Xorvatiya ilə oyundan nə gözləyirsiniz?

- Komandamıza yeni baş məşqçi gəlib. İlk növbədə, Nikola Yurçeviçlə yaxşı ünsiyyət qurmağa çalışırıq. Başa düşmək istəyirik ki, o, bizdən nə tələb edəcək. Oyuna hazırlıq məşqləri bu gündən başlayacaq. Əvvəlkilər isə Premyer Liqa matçlarından sonra bərpa məşqləri kimi görünürdü. Topla da çalışırdıq. Bu gün isə ola bilər ki, hansısa taktiki hərəkətlərə və ikitərəfli oyunlara keçək. Rəqib Xorvatiyadır və onlar barədə danışmağa ehtiyac yoxdur. Çünki hamımız çox güclü və dünyada aparacı mövqelərdə olan rəqiblə qarşılaşacağımızı bilirik. Yaxşı və ulduz futbolçuları var. Biz isə yenidən formalaşmış bir kollektivik. Çalışacağıq ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Artıq baş məşqçi bizə rəqiblə necə oynayacağımıza dair bəzi məlumatları çatdırıb. Səfər oyunumuzdur, yolumuz da uzaqdır. Amma böyük yığmalara qarşı oynayanda istər-istəməz komanda üzvlərində motivasiya olur. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu gün çox danışmaq düzgün olmaz. Çünki ağır oyunumuz var. Komanda şəklində çalışacağıq ki, mehriban olaq, bütün gücümüzü ortaya qoyaq, yaxşı oyun nümayiş etdirək və müsbət nəticə qazanaq.

- Əvvəllər də zərurət olduqda yığmanın kapitan sarğısını daşımısınız. Bu dəfə isə sizə daha məsuliyyətli iş tapşırılıb. Bu, sizə əlava məsuliyyət verir?

- Əlbəttə. Kapitan olanda o demək deyil ki, sarğını verdilər və onunla da iş bitdi. Kapitan olmaq üçün komandanın içində və oyunçularla yaxşı ünsiyyətdə olmalısan. Hamını başa düşmək və hər biri ilə eyni fikirdə olmaq lazımdır. Doğrudan da bu, mənim üçün çox böyük məsuliyyətdir. Özüm də başa düşürəm ki, kapitan olmaq nə deməkdir. Kapitan kimi çalışacağam ki, komandaya meydanda, meydanda kənarda daim düzgün yol göstərim. Kapitan da oyunçulara motivasiya verir. Çalışacağam ki, komanda meydana çıxıb bütün gücünü qoysun.

- Sizdən əvvəl yığmanın kapitanı qapıçı Kamran Ağayev idi. İndi isə o, zədə səbəbindən çağırılmayıb. Milliyə dəvət alan Səlahət Ağayev, Emil Balayev və Şahruddin Məhəmmədəliyevdən gözləntiləriniz nədir?

- Kamran Ağayev bu gün burada yoxdursa, bu, o demək deyil ki, heç vaxt olmayacaq. Ola bilər ki, Kamran yenə bu komandaya qayıtsın. O da kapitanımızdır, çox böyük hörmətimiz var, həmişə ürəyimizdədir. O olanda biz də çox sevinirik ki, belə qapıçımız var. Neçə illərdir ki, Kamran bir nömrə idi. Amma bu gün zədə səbəbindən milli komandaya gələ bilməyib. Çağırılan qolkiperlər arasında isə çox güclü rəqabət gedir. Onlar eyni səviyyədədirlər. Ola bilsin, kimsə qapıda çox, kimsə az dayanıb. Amma hər üçünü yaxşı qapıçı kimi tanıyıram. Onlar da çalışacaqlar ki, ən yaxşısını etsinlər. Hazırlıq prosesi zamanı baş məşqçiyə sübut edəcəklər ki, qapıda durmaq istəyirlər. Əsas heyətə düşmək üçün üçünün də can-başla çalışdığı məşqlərdən görünür. Düşünürəm ki, Yurçeviç düzgün seçim edəcək və qarşıdakı oyunda ən yaxşı formada olan qapıçıya şans verəcək.

- Yığma komandada dördüncü baş məşqçi ilə işləyirsiniz. Bunların arasında nə kimi oxşarlıqlar və fərqlər hiss edirsiniz?

- Oxşarlıqlar odur ki, əvvəlki baş məşqçilərimiz də komandamızın qələbə qazanmasını və baxımlı oyun sərgiləməsini istəyiblər. Amma hər birisinin özəl sistemi var. Nikola Yurçeviçin bizdən necə futbol istəyəcəyini hələ tam bilmirik. Berti Foqtsun vaxtında güc futbolu oynayırdıq. Robert Prosineçki xoşlayırdı ki, ötürmələrlə oynayaq və əks-hücumlarda şans qazanaq. Qurban Qurbanov da bir az fərqli olub. Onun dövründə topu özümüzdə saxlamağa və sonra hücum qurmağa üstünlük verirdik. Hazırkı baş məşqçi ilə isə taktiki məşqlərimiz olmayıb. Bilmirik ki, nə cür futbolu seçəcək.

- Qeyd etdiniz ki, Yurçeviç Xorvatiyaya qarşı necə oynayacağınızla bağlı bir neçə məlumat verib. Bilmək olarmı ki, bunlar nələrdən ibarətdir?

- Bu barədə tam açıqlama olmayıb. Dediyim kimi, taktiki məşq etməmişik. Bizim bəzi çatışmayan cəhətlərimizi deyib və onların üzərində çalışmağa üstünlük verəcəyik. Baş məşqçi də başa düşür ki, kollektivdə çox ucaboy futbolçu yoxdur. Daha çox texnikalı oyunçulara malikik. Başqa ölkələrə baxanda iki metrlik futbolçularımız yoxdur ki, oyunumuzu onlara görə quraq. Bizə "ikinci mərtəbə"də artırmalı olduğumuzu çatdırıb. Rəqib komanda ucaboy oyunçulara malikdir və orada biz möhkəm olmalıyıq.

- Bəzən çempionat və seçmə mərhələ matçlarında görürük ki, zəif görünən rəqib ilk oyununda güclü komandaya qarşı maksimumunu ortaya qoyur və hətta gözlənilmədən özü üçün müsbət nəticəyə nail olur. Belə hallara da rast gəlinir. Bu mənada Xorvatiya ilə matçda gözlənilməz nəticə qeydə alına bilərmi?

- Futbolda hər bir şey mümkündür. Rəqibdən 2-3 dəfə güclü ola bilərsən, amma oyuna gələndə rəqib elə vuruşar ki, oyunu qurmağı bacarmazsan. Ya aqressiv, ya da sərt komanda ilə qarşılaşmaq mümkündür. Ona görə də futbolda hər şey ola bilər. İstisna deyil: Xorvatiya ilə matçda potensialımızı elə ortaya qoyaq ki, heç kim bu komandanın Azərbaycan millisi olduğuna inanmasın. Bəlkə Xorvatiya Azərbaycana yuxarıdan baxır?! Özləri başa düşürlər ki, Azərbaycan millisi aşağı səviyyədə yerləşib. Onlar isə güclü oyunçulara malikdir və motivasiyaları bizə qarşı matçda aşağı ola bilər. Amma biz çalışacağıq ki, Xorvatiya yığmasının oyuna bütün gücü ilə hazırlaşdıqlarını düşünək və həmin konsentrasiyanı qoruyaraq mübarizə aparaq.

- Xorvatiya ilə AVRO-2016-nın seçmə mərhələ oyunlarından birincisində 0:6 hesabı ilə məğlub olduqdan sonra Berti Foqts istefa verdi. Bakıda qolsuz heç-heçə ilə yekunlaşmış görüşdən sonra isə rəqibin baş məşqçisi Niko Kovaç qovuldu. Bu baxımdan, ağır məğlubiyyət sizin üçün dərs çıxarma vasitəsidir, yoxsa qolsuz heç-heçədən motivasiya alırsınız?

- Xorvatiyaya səfərdə 0:6 hesabı ilə uduzduğumuz oyunda doğrudan da bizdə heç nə alınmırdı. Rəqib hansı hücumu qururdusa, təhlükəli olurdu. Oyunumuzu tuta bilməmişdik. Bakıya gələndə isə onlar "Birinci matç 6:0 olub, səfərdə də rahat futbol oynaya biləcəyik" deyə düşünüblər. Amma öz meydanımızda, azarkeşlərimizin önündə bizdə əlavə motivasiya var idi. Özümüzü zəif göstərmək istəmirdik. Bu faktlar üs-üstə gələndə nəticəyə də təsir etdi. İstefa məsələsinin isə tam oyunla bağlı olmadığını düşünürəm. Ola bilsin, başqa məsələlərə görə olub.

- Xorvatiya millisində də dəyişikliklər var. 2018-ci il dünya çempionatında ikinci yeri tutan komandanın heyətindən 9 oyunçu sizə qarşı çıxış etməyəcək. Bu amili əlavə üstünlük hesab etmək olar?

- Xorvatiya millisində olan futbolçulardan, ola bilsin ki, hansılarsa bizimlə matçda iştirak etməyəcək. Amma komandalarına cəlb olunan oyunçular yüksək səviyyəli klublarda çıxış edirlər. Müqayisə etsək, yenə də bizdən üstün görünürlər. Elementar misal çəkim: Kosovo futbolçuları ölkədən kənarda yaxşı klublarda çıxış edirlər. Amma biz yerli çempionatda oynayırıq. Demək olar ki, orada fərqi görürdük. Xorvatiya isə onlardan da üstündür. Rəqibin heyətində kimin oynayıb-oynamayacağının fərqi yoxdur. Hamısı yüksək səviyyəli futbolçulardır. Hətta oynamayanlar belə, matça çıxanda özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar ki, daim millinin əsas heyətində çıxış etsinlər. Ona görə də bizim üçün daha çətin olacaq.

- Milliyə 3 yeni oyunçu cəlb olunmuşdu. Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarıldı. Ömər Buludov və Əli Babayev ilk dəfə yığmada yer alıblar. Yeni oyunçuların səviyyəsini və kollektivi necə dəyərləndirirsiniz?

- Yığmanın yeni baş məşqçisi Nikola Yurçeviç və köməkçiləri çempionat oyunlarını izləyiblər. Hansı futbolçular gözlərinə dəyibsə, onlar da bu gün komandaya cəlb olunublar. Optimal heyət qurmaq istəyirlər. İnanıram ki, yığmaya yeni gələn oyunçular daim olacaq. Çünki bir oyunçu il ərzində eyni səviyyədə qala bilməz. Bu gün siyahıda təzə adlar görürük. Ola bilsin, gələn tur 3-4 nəfər getsin və 5-6 yeni oyunçu gəlsin. Bu da gözlənilir. Çünki baş məşqçi hələ tam olaraq burada işləməyib. Bilmir ki, hansı futbolçu nəyə qadirdir. Ona görə də Yurçeviçə vaxt lazımdır ki, tam heyəti qursun. Sonra isə oyunçu dəyişiklikləri azalacaq.

- AFFA rəhbərliyi Azərbaycan millisinin AVRO-2020-nin final mərhələsinə vəsiqə üçün müəyyən şanslarının olduğunu açıqlayıb. Xorvatiya ilə görüşdəki uğurlu nəticə hədəfə çatmaqda nə qədər rol oynaya bilər?

- Bu gün real danışsaq, qrupun ən aşağı pillələrdə yerləşən komandalarından biriyik. İndi desək ki, Xorvatiyanı və Uelsi udacağıq, bu, bir az real olmaz. Reallıqdan danışsaq, rəqiblə səfər heç-heçəsi bizim üçün yaxşı nəticə sayılacaq. Ondan sonra isə ev oyunlarında hansısa partlayış gözləmək olar. Çünki evdə səfərdəkinə nisbətən daha yaxşı oynayırıq.