Avtandil Çixladze: “Qarabağ qaziləri” futbol klubu bir il ərzində çox güclənib

“Qarabağ qaziləri” futbol klubunun bu gün Gürcüstanda nümayiş etdirdiyi oyunlar məni yaxşı mənada təəccübləndirdi”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Amputant Futbolçular Assosiasiyasının prezidenti Avtandil Çixladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan komandasını Gürcüstanda keçirilən yarışlarda görmək hər zaman çox xoşdur: “ “Qarabağ qaziləri” futbol klubu ilə bir il bundan qabaq tanış olmuşam. Kluba üzv futbolçuların bugünkü oyunları məni yaxşı mənada təəccübləndirdi. Bir il ərzində klubun bu cür güclənəcəyini gözləmirdim”.

A.Çixladze deyib ki, Gürcüstanda amputant futbol 20 ilə yaxındır oynanılır: “Mən futbolun bu formasının yaradılmasının başlanğıcında olmuşam. Biz başlayanda bir sıra çətinliklərlə üzləşdik. Azərbaycan komadasının bu cür sürətlə güclənməsi məni çox sevindirdi”.

Assosiasiya prezidenti “Qarabağ qaziləri” futbol klubunun oyunçularını perspektivli adlandırıb: “Komanda çox xoşuma gəldi. Əminəm ki, “Qarabağ qaziləri” gələcəkdə Avropa birinciliyi və dünya çempionatında çıxış edə biləcəklər”.

Qeyd edək ki, Qarabağ qazilərindən ibarət Azərbaycan komandası bu gün Gürcüstanda keçirilən yarışda iki oyun keçirib. Qorinin “Kartli” komandası ilə qarşılaşmada “Qarabağ qaziləri” 1:0 hesabı ilə qalib gəliblər. Zestafoninin “Marqveti” komandası ilə görüşdə isə “Qarabağ qaziləri” 3:0 hesabı ilə uduzub.

“Qarabağ qaziləri” futbol klubu 2018-ci ilin aprelində yaradılıb.