Qubada "Milli mətbuat günü" qeyd olunub

Qubada qeyd olunan "Milli mətbuat günü"-ndə mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi əbədiləşdirilməsi təklifi irəli sürülüb.

"Report"-un Şimal bürosunun verdiyi məlumata görə, Qubada, televiziya, sayt və informasiya agentliklərini şimalda təmsil edən bölgə müxbirlərini rayon icra hakimiyyətinin inzibati binasında ənənəvi olaraq qəbul edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev jurnalistləri peşə bayramları münasibətilə təbrik edib.

Tədbirdə, Azərbaycanın rayonları arasında ilk dəfə qəzet Qubada nəşr olunduğu vurğulanıb. Bu mətbu orqanı- 1921-ci il 21 apreldə “Əxbar” adı ilə işıq üzü görən sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba” və “Quba” adlandırılıb. 1995-ci ildən isə qəzet “Şəfəq” adı ilə nəşr olunur.

Çıxışlarda bildirilib ki, 144 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsil həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir.

Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar.

Tanınmış telejurnalist Aytəkin Alxaslı çıxışında Həsən bəy Zərdabinin 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işlədiyini diqqətə çatdıraraq, görkəmli ədibin xatirəsinin əbədiləşdirilməsini təklif edib.

Təklif rayon rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Zərdabinin bir vaxtlar çalışdığı və hazırda onun adını daşıyan qəsəbədə mətbuatımızın banisinin büstünün ucaldılması və ya xatirə lövhəsinin vurulması ilə bağlı addımlar atılacağına söz verib.

Tədbir çərçivəsində regionda çalışan bir sıra jurnalistlər Milli Mətbuat Günü münasibətilə Fəxri fərmanla təltif olunublar.

Report İnformasiya Agentliyinin Şimal bölgə müxbiri Aydın Adıgözəlov da təltif olunanlar sırasında olub.