Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunan tədbir keçirilib - FOTO

Nizami Kino Mərkəzində 2 avqust- Milli Kino Gününə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ilk olaraq nazir Əbülfəs Qarayevin adından tədbir iştirakçılarını təbrik edib.

V.Əliyev bildirib ki, Kino Günü yüksək əhval - ruhiyyə ilə qeyd olunur: "Çünki ölkə başçısı bir neçə gün əvvəl kino sahəsində əməyi olan şəxsləri fəxri adlarla mükafatlandırdı. Prezident İlham Əliyev kino sahəsinin inkişafına daim diqqət göstərir".

Nazirin birinci müavini əlavə edib ki, Azərbaycan kinosunun tarixi uzun müddətə dayanır: "Kinomuz daim inkişaf edib. Problemlər hər zaman olur. Bu da, əsasən, sovet dövründə müşahidə olunub. Müstəqillik əldə etdikdən sonra kino sahəsinə ayrılan diqqət və qayğının nəticəsi bu gün üçün göz önündədir".

Çıxışdan sonra Azərbaycan kinosunun 10 illik tarixini əks etdirən videoçarx nümayiş olunub.

Rəsmi hissədən sonra Nazirlik tərəfindən bir sıra kino xadimlərinə fəxri diplomlar təqdim olunub.

Tədbirin davamında gənc rejissorlar - Kamal Yaşarın "Dan yeli", Pərviz Həsənovun "Soraq", Orxan Ağazadənin isə "Oturacaqlar" qısametrajlı bədii filmlərinin təqdimatı olub.