Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar açılıb

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılıb.

“Report” xəbər verir ki, martın 2-dən 21-dək paytaxtın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib.

Yarmarkada ölkənin müxtəlif rayonlarından gətirilən 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə təqdim olunur.

Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon icra hakimiyyətinin rəhbərliyi və nümayəndələri tərəfindən yarmarkanın fəaliyyəti ilə yerində tanış olaraq müvafiq göstərişlərini veriblər.

Yarmarkada müvafiq şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər görülüb.