Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Yanvarın 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşıb.

Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə, böyük ruh yüksəkliyi ilə yola düşüblər. Ölkənin bütün şəhər və rayonlarında yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 26 noyabr 2018-ci ildə Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.