Şahmar Mövsümov: "Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsində problem yoxdur"

ARDNF rəhbəri: "Bu layihə üçün lazım olan vəsaitlər "Cənub Qaz Dəhlizi" QSC-nin tam sərəncamındadır"

ARDNF rəhbəri:

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsində heç bir problem yoxdur.

"Report" xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, I rübdə bu maddə üzrə xərclər olmayıb: "Lakin Fondun xərclərində bu maddə var. İlin sonuna bu məbləğin istifadə olunub-olunmaması məsələsi hələ açıqdır. Əminliklə deyə bilərəm ki, bu layihə üzrə 2017-ci il üçün lazım olan vəsaitlər "Cənub Qaz Dəhlizi" QSC-nin tam sərəncamındadır". 

"2017-ci ildə bu layihənin maliyyələşdirilməsində heç bir problem olmayacaq. İlin sonuna lazımi danışıqlar tamamlanacaq. Növbəti iki il üçün də lazımi maliyyələşmə mənbələri müəyyənləşdiriləcək. Müqavilələr imzlanacaq və Müşahidə Şurası tərəfindən təsdiq olunacaq. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində heç bir problem görmürük", - deyə ARDNF rəhbəri qeyd edib.