Paris Notr-Dam kilsəsinin bərpası üçün qanun layihəsi hazırlanır

"Paris Notr-Dam kilsəsinin bərpası üçün qanun layihəsi hazırlanır". 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Fransanın Baş naziri Eduard Filip hökumət üzvləri ilə keçirdiyi toplantıdan sonra jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, layihədə kilsənin bərpası ilə məşğul olacaq yeni dövlət qurumunun yaradılması nəzərdə dutulub: "Qanun layihəsi bir həftə ərzində hazırlanaraq hökumətə təqdim olunacaq. Sənəddə xüsusilə ianələrdən düzgün, şəffaf surətdə istifadə edilməsi üçün zəmanət məsələsi də öz əksini tapacaq".

Qeyd edək ki, Paris Notr-Dam kilsəsinin bərpası üçün ianələrin miqdarı 825 milyon avroya çatıb. Bu məbləğin yarısını Fransanın üç milyonçu ailəsinin ianələri təşkil edir.

Xatırladaq ki, aprelin 15-də Paris Notr-Dam kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Prezident Emanuel Makron xalqa müraciətində tarixi kilsəni beş il ərzində bərpa etməyi nəzərdə tutduqlarını bildirib.