Bu ilin 8 ayında Azərbaycanda əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 627,2 milyon manat vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 66,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Ümumi sərmayənin 64,3%-i məhsul istehsalı sahələrinə, 26,0%-i xidmət sahələrinə, 9,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9%, büdcə vəsaitləri 27,7%, bank kreditləri 7,8%, əhalinin şəxsi vəsaitləri 6,7%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,3% təşkil edib.

Səkkiz ay ərzində Bakıda şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan MR-da 1 170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.