Prokuror kafedə qətl törədənə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsinə kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək Ə.Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin müdafiəçisi çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 9-da davam edəcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.

Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.