TANAP-ın Əskişəhərə qədər hissəsinin 75%-i tamamlanıb

Qarşılaşdığımız bütün bu logistika problemlərini və coğrafi əngəllərin böyük hissəsini həll etmişik

Qarşılaşdığımız bütün bu logistika problemlərini və coğrafi əngəllərin böyük hissəsini həll etmişik

Bakı. 13 mart. REPORT.AZ/ Hazırda Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin Əskişəhərə qədər olan (Faza-0) hissəsinin 75%-i tamamlanıb.

“Report” xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol “Al-Jazeera”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Faza-1 ilə bərabər ümumilikdə boru kəməri üzrə işlərin 65%-i icra olunub: “TANAP iki faza şəklində inşa edilir. Faza-0 56 düym diametr və 1 334 km uzunluğundadır. Bu faza çərçivəsində inşaat işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq, Əskişəhərə qədər uzanan marşrut üzərinə həyata keçirilir. 2018-ci ilin iyun ayının sonuna qədər bu faza üzrə işləri tamamlayaraq qazı "BOTAŞ"a və Türkiyəyə verməyi planlaşdırırıq. İlk il Türkiyəyə 2 mlrd. kubmetr qaz veriləcək. 3 il ərzində isə qaz nəqli illik 6 mlrd. kubmetrə çatdırılacaq. "Faza-1" adlandırdığımız hissə isə 48 düym diametrlik boru xəttindən, iki ədəd ölçü stansiyasından və Dardanel boğazından keçən 36 düymlük iki boru xəttindən ibarətdir”, - deyə S.Düzyol xatırladıb.

TANAP-ın baş direktoru qeyd edib ki, sualtı hissə üçün bu ilin yay aylarında əraziyə xüsusi bir gəmi gələcək. Onun sözlərinə görə, bu gəmi vasitəsilə Dardanel boğazı hissəsinin bu ilin yay aylarının sonuna tamamlanması planlaşdırılır: “Avropaya qaz nəqli bizim təxminimizə görə, TAP layihəsinin icrasına bağlı olaraq 2020-ci ildə başlayacaq. Biz, əslində öz tərəfimizi daha tez bitirməyi və 2019-cu ilin ortalarında Avropaya qaz təsliminə hazır vəziyyətə gəlməyi planlaşdırırıq. Amma Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın bu tarixə çatmayacağını hiss edirik”.

O, TANAP-ın tikintisindəki coğrafi çətinliklərdən də danışaraq qeyd edib ki, boru kəmərinin tikintisindəki ən böyük çətinliklərdən biri boru xəttinin marşrutunun ilk 600 km-nin təxminən 2 min metrlik yüksəklikdəki dağlıq bölgədən keçməsidir.

S.Düzyol bildirib ki, bəzi yerlərdə inşaat mövsümü 100-110 gündür: “Dik yamaclarla və dərə keçidləriylə dolu bu bölgədə çox yerdə avtomatik qaynaq sistemi istifadə olunmur. Bu bölgəyə hər biri 10 ton ağırlığında, 142 sm-lik boruları nəql etmək, düzmək çətin işdir. Eyni zamanda, bu marşrutda 4 500-dən çox xüsusi keçid-magistral yol, dəmir yolu, elektrik və telekommunikasiya xətləri, çaylar, dərələr, suvarma kanalları, digər boru xətləri və s. infrastrukur mövcuddur. Amma qarşılaşdığımız bütün bu logistika problemlərini və coğrafi əngəllərin böyük hissəsini həll etmişik”.