İstanbulda Allahşükür Paşazadə və Mübariz Qurbanlının iştirakı ilə beynəlxalq konfrans keçirilir

Tədbir “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusundadır

Tədbir “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusundadır

İstanbul. 25 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans başlayıb. 

“Report”un Türkiyə bürosunun məlumatına görə, “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan konfransda Qafqaz Müsəlmanlar idarəsinin (QİM) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş, Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ, ilahiyyatçılar, din xadimləri və millət vəkilləri iştirak edir.

Beynəlxaq tədbirə hər iki ölkənin liderləri məktub göndərib. 

Prezident İlham Əliyevin məktubunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı oxuyub. Ölkə başçısı məktubunda konfransın işinə uğurlar arzulayıb və İslam dünyasının indiki mürəkkəb və gərgin dövründə bu kimi tədbirlərin əhəmiyyətindən söz açıb. 

Məktubda Azərbaycanda bu il “İslam Həmrəliyi ili” elan edilməsinin İslam dininə və İslam çoğrafiyasına verdilən dəyərin sübutu olduğu vurğulanıb. Eyni zamanda, dünyanın bir çox bölgəsində İslam dini adı altında törədilən terror hadisələri və qətl edilən müsəlmanlardan söz açılıb. Prezident İlham Əliyev məktubunda Azərbaycanın İslam ölkələrini beynəlxaq arenada birləşməyə, həmrəy olmağa çağırış edən bir ölkə olduğunu bildirib.

Beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, elan edilən “İslam Həmrəyliyi ili” çərçivəsində Bakıda, Finlandiyada, Rusiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra belə mötəbər tədbirin dünyanın paytaxtı olan İstanbulda təşkil olunmasının əhəmiyyətindən danışıb. O, beynəlxaq tədbir çərçivəsində Azərbaycan və Türkiyənin İslam coğrafiyası üçün əhəmiyyətli layihələrə imza atacağını deyib.

Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş çıxışında iki ölkə arasında dostuq-qardaşlıq əlaqələrinin İslam dinində və hədislərində də öz əksini tapdığını deyib. O, Azərbaycanın İslam dininə göstərdiyi diqqət və qayğını yaxından izlədiklərini qeyd edib: “Təkcə Bakıda 1993-2000-ci illər arasında 8 məscid tikilib. 1999-cı ildə ibadətə açılan Şəhidlik məscidi və İlahiyyat məscidi Bakının ürəyində, Xəzərin sahilində müsəlmanların ibadət yeridir. Elə o məscidlərin bağlanacağı söz-söhbətlərinin yerinə orda namazların qılınması və azan səsinin yüksəlməsi ilə biz burda hüzura qovuşuruq”.

Tədbirdə baş nazirin müavini Bekir Bozdağ, Milli Məclisin Parlamentlərarası dostluq qurpunun rəhbəri Əhliman Əmiraslanov, ilahiyyatçılar və din adamları çıxış edib.

Vüsalə Abbasova