Bakıda barışdırmağa çalışdığı ər-arvadı öldürən şəxsin məhkəməsi başlayır

Bakının Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudov barəsində ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Azad Məcidovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında "28 May" qəsəbəsi ərazisində baş verib. 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının cəsədləri tapılıb. İlkin məlumata görə, oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib.

Polis əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkinlə Beyləqanda anadan olmuş Sevinc boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

İstintaqın versiyasına görə, V.Behbudov ayrılmış cavanları barışdırmağa çalışıb. O, S.Muradzadəni götürərək İ.Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Lakin orada heç də hər şey Behbudovun planlaşdırdığı kimi olmayıb. Görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.