"Səbail"in baş məşqçisi: "Büdcəmiz ikiqat azaldılıb"

"Sumqayıtda bu cür izdihamın yaşanaması, hər iki komandanın heyətinin əsasən yerlilərdən ibarət olması oyunu maraqlı etdi".

"Report" xəbər verir ki, bunları "Səbail" baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın II turunda "Sumqayıt"a səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, hər iki komanda səhvlərə yol veriblər: "Səhvlərdən istifadə edən tərəf biz olduq. Hərçənd matça elə də yaxşı başlamadıq. Futbolçular ilk yarıda tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirdilər. Ancaq fasilədən sonra vəziyyət dəyişdi. "Sumqayıt"ın da oyununu qeyd edərdim. Burada yaxşı infrastruktur var. Komandanın öz sözünü deyəcəyinə inanıram".

Hacıyev klubun büdcəsini ikiqat azaldıldığını söyləyib: "İki qalibiyyətə görə komandanın özünə gəldiyini demək olmaz. Bizim də problemlərimiz var. Bu şəraitdə qələbə qazandığımız üçün futbolçulara alqış düşür. Stabil çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Ancaq bunun üçün maddi imkan yoxdur. İllik büdcə zəifləyib, ikiqat azaldılıb. Sponsorlarla bağlı problem var. Bu gün 6 xalla üst pillədəyik. Amma gedişat fərqli bir şey göstərə bilər. Ola bilər ki, "transfer pəncərəsi" bağlana qədər başqa futbolçular da getsin. Ancaq hazırda komandada qalmağa üstünlük verirlər. Bir çoxu burada öz oyunu tapıb. Buradan getmək nə qədər faydalı olar bilmirəm".

Gənc mütəxəssis hazırda klubda qeyri-müəyyənlik olduğunu vurğulayıb: "Belə danışmağımıza səbəb rəhbərliyimizlə görüşümüzdü. Bizə konkret bir söz demirlər. Sabah vəziyyət daha da yaxşılaşa və ya əksinə ola bilər. Biz öz işimizi görürük, ruhdan düşməməyə çalışırıq. Vəziyyət düzəlməsə belə, əldə olan imkanlarla davam edəcəyik".

"Səbail" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Baş məşqi bu rəqiblə oyunların hər zaman keçdiyini söyləyib: "Onlar digər komandalardan beşqat üstündürlər. Ancaq biz də əlimizdən gələni edəcəyik. "Qarabağ"ı favorit görürəm".