Almazbek Atambayev daha iki cinayət işi üzrə ittiham olunur

Qırğız Respublikasının həbs edilmiş sabiq prezidenti Almazbek Atambayevə qarşı daha iki cinayət işilə bağlı ittihamlar irəli sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, vəkili Sergey Slesarev sabiq dövlət başçısının Bişkek İES-də yenidənqurma işləri və ofisin satın alınması ilə bağlı Hərbi Prokurorluq tərəfindən şübhəli qismində cəlb olunduğunu bildirib.

Həmin ittihamlar A.Atambayevin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Ali Şurada (Joğorku Keneş) keçirilən müzakirələr zamanı parlament komissiyası tərəfindən səsləndirilmiş qənaətlərə əsaslanır.

Qeyd edək ki, Bişkekdə bütün çoxmərtəbəli yaşayış binalarını, məktəbləri, bağçaları, səhiyyə ocaqlarını istilik və elektriklə təchiz edən yeganə İES-də 2018-ci ilin yanvar ayında bərk şaxtalı günlərdə qəza baş vermişdi. Ondan sonra da İES-də daha əvvəl keçirilən və 386 milyon dollara başa gələn yenidənqurma işləri ilə bağlı qalmaqal başlamışdı.

Bundan əvvəl A.Atambayevə qarşı dövlət çevrilişi hazırlamaq və adam öldürmək maddələri üzrə ittihamlar irəli sürülüb.