Bakıda üç avtomobili qaçıran şəxslər saxlanılıb

Hadisə Şüvəlan, Suraxanı və Yeni Günəşli ərazisində baş verib

Hadisə Şüvəlan, Suraxanı və Yeni Günəşli ərazisində baş verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.   

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.

Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumat isə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərinin qaçırılmaları müəyyənləşdirilib. 

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” qısa zamanda Naximov küçəsində tapılıb. Maşınları qaçırmaqda şübhəli bilinən şəxs də əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalardan sonra onun Bakı şəhər sakini Amin Ramazanov olduğu üzə çıxıb. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.