Formula 1-ə hazırlıq üzrə işlər İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə təsir etməyəcək

Nigar Arpadarai: "Azərbaycanlılar bu il keçən ildəkindən daha çox bilet alır"

Nigar Arpadarai:

Bakı. 26 yanvar. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq üzrə işlər bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının (İHO) keçirilməsinə təsir etməyəcək.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, Formula 1-in təşkili üzrə işlər İHO-nun Təşkilat Komitəsi ilə əlaqəli şəkildə həyata keçirilir. N.Arpadarai Formula 1 yarışları ilə əlaqədar fevraldan Hökumət Evinin qarşısındakı "paddok" ərazisində bütün infrastrukturun inşasına başlanılacağını və yarışa hazırlıqla bağlı görüləcək işlər martda başa çatdırılacağını bildirib. O, ötən il yollarda asfalt qatının çəkilməsi, bir sıra yolların yenidən təmir edilməsinin çoxlu vaxt apardığını, bu il isə bunlara ehtiyac olmadığından, işlərin asanlaşdığını qeyd edib: "İnanırıq ki, görüləcək işləri tam vaxtında təhvil verəcəyik".

Bilet satışı barədə danışan N.Arpadarai hər gün bilet satıldığını bildirib: "İndiyə qədər biletlər daha çox Rusiya, Böyük Britaniya, Azərbaycan, Ukrayna və ərəb ölkələrindən olan pərəstişkarlar tərəfindən alınıb. Ümumiyyətlə, azərbaycanlılar bu il Formula 1-ə keçən ildəkindən daha çox bilet alır".

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində təşkil olunacaq.