Tereza Mey Sergey Skripalın zəhərlənməsində Rusiya rəhbərliyini günahlandırıb - YENİLƏNİB

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsd, çox güman ki, Rusiya rəhbərliyinin xeyir-duası ilə baş verib".

“Report”un “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

“Aparılan istintaqa əsasən, hökumət belə qənaətə gəlib ki, prokurorluğun adlarını açıqladığı şübhəli şəxslər Rusiyanın Baş Kəşfiyyat İdarəsinin, yəni hərbi kəşfiyyatın əməkdaşlarıdır”, - T.Mey vurğulayıb.


***15:30

Böyük Britaniya prokurorluğu Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslərin adlarını açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunlar Aleksandr Petrov və Ruslan Boşirov adlı Rusiya vətəndaşlarıdır.

Britaniya prokurorluğu həmin şəxslərin ekstradisiyası barədə Moskvaya sorğu göndərmək niyyətində deyil. Onların həbsi üçün Avropa orderi verilib.

Bu gün baş nazir Tereza Mey Sergey və Yuliya Skripalların zəhərlənməsi hadisəsinə dair istintaqla bağlı parlamentdə çıxış edəcək.