Azərbaycanda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Bakı. 16 avqust. REPORT.AZ/ Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

DGK-nın Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Daha sonra Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində və salonunda olan sellofan torbaların içərisində 3400 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.