BANM 3-cü SOCAR Beynəlxalq Forumuna ev sahibliyi edəcək

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 3-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu keçiriləcək. 

Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan SOCAR-ın Beynəlxalq Forumu aprelin 23-26-da təşkil ediləcək.

Bildirilib ki, bölgənin neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq Forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Tədbir zamanı sözügedən regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici kommersiya axını və neft limanları, borular və dəmir yolları daxil olmaqla maddi-texniki infrastruktur barədə təqdimatlar ediləcək. Eyni zamanda, Xəzəryani və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğız Resbublikası, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.

Xatırladaq ki, forumda iştirak üçün qeydiyyat http://socarforum.com saytında həyata keçirilir.