Ayxan Abbasov: “Bizi nələrin gözlədiyini rəhbərliyə bildirmişdim”

"İki qırmızı vərəqələr rəqibi motivasiya etdi. Hər halda mövsümün ilk yarısını 4-cü pillədə başa vurmaq yaxşı haldır".

"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis qış fasiləsində heyətin güclənməyəcəyini bildirib: "Yəqin ki, yeni oyunçular almayacağıq. Kubok oyunlarında “vuruşacağıq”. Sevindirici hal odur ki, futbolçuların nə etdikləri bəllidir. Kor-koranə oynamırıq. Mövsümün əvvəli ilə müqayisədə inkişaf var. Bizi nələrin gözlədiyini rəhbərliyə bildirmişdim. Əsas məqsəd sonuncu olmamaq idi. Çətin olacaq, amma öz komandama inanıram. Bəlkə bir-iki ilə daha yaxşı vəziyyətdə olacağıq".

Abbasov "Qəbələ" ilə matçda azlıqda qaldıqdan sonra hücumçu sayını artırmalarına rəğmən qələbə topunu vura bilmədiklərini də diqqətə çatdırıb: "İkinci hissədə sistemi dəyişmək istəmirdim. Rəqib qırmızı vərəqələr aldıqdan sonra hücumçularımızın sayını artırdıq. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı müdafiə olundu".