“Petkim”də gələn aydan planlaşdırılmış təmir işləri başlayacaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi “Petkim”də oktyabrın 1-dən 63 günlük planlaşdırılmış əsaslı təmir işləri (texniki xidmət) başlayacaq.

“Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

“İstehsalat kompleksimizdə hər 4 ildən bir həyata keçirilən geniş profilaktik təmir işlərinin bu il oktyabrın 1-də başlaması və təxminən 63 gün davam etməsi planlaşdırılır. Bu işlər çərçivəsində istehsalatda müxtəlif müddətlərdə planlaşdırılmış dayandırmalar olacaq”, - məlumatda qeyd edilib.

Qeyd edilib ki, Etilen zavodunda planlaşdırılmış təmirə dayanmanın 45 gün davam etməsi gözlənilir. Bu müddətdə başda polimerlər olmaqla böyük ölçüdə satışları mövcud ehtiyatların qarşılayacağı hesab edilir.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.