DİM sədri: “Rezidentlər üçün hazırlanan test bankındakı tapşırıqların 20 faizi gələcəkdə imtahanlarda istifadə olunacaq”

Rezidenturaya hazırlaşanlar üçün “Baza fənləri üzrə test toplusu” nəşr edilib

Rezidenturaya hazırlaşanlar üçün “Baza fənləri üzrə test toplusu” nəşr edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya hazırlaşanlar üçün “Baza fənləri üzrə test toplusu” adlı vəsaitin təkmilləşdirilmiş variantını nəşr edib.

Mərkəzdən “Report”a verilən məlumata görə, baza tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulan vəsait onların tədris prosesində əldə etdikləri biliklərinin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, tədris olunan mövzuları daha yaxşı mənimsəmələri işinə kömək məqsədi ilə hazırlanıb.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə nəşrə yazdığı “Ön söz”də qeyd edib ki, rezidentura yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanmasında mühüm mərhələdir: “Odur ki, DİM-də rezidenturaya qəbul üçün müasir qiymətləndirmə üsullarının tətbiqinə yönələn sistemli tədbirlər həyata keçirilir, qəbul imtahanına hazırlaşanlara elmi-metodik kömək göstərilməsi həmişə diqqət mərkəzində saxlanılır. Qəbul proqramları, qəbul qaydaları, test tapşırığı nümunələri, qəbul imtahanında istifadə olunan bəzi test tapşırıqlarının izahı, onlara aid tövsiyələr və digər zəruri materiallar mütəmadi olaraq dərc edilərək namizədlərin istifadəsinə verilir. Ötən illər ərzində DİM rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə bir çox elmi-metodik vəsaitlər, o cümlədən “İnsan anatomiyası” və “Bioloji kimya” adlı vəsaitləri nəşr edib. İndi isə sizə “Baza fənləri üzrə test toplusu” adlı vəsaitin təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşrini təqdim edirik. Vəsaitdə baza fənləri (insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya və patoloji fiziologiya), mikrobiologiya, farmakologiya, biokimya) üzrə test tapşırıqları verilir. Bu tapşırıqlar qəbul proqramı çərçivəsində hazırlanıb və ekspertizadan keçirilib. Tapşırıqlar ayrı-ayrı fənlər üzrə qəbul proqramına daxil olan mövzuları əhatə etməklə, hər bir mövzu daxilində çətinlik dərəcəsinə (sadədən mürəkkəbə) görə sıralanmışdır. İnsan fiziologiyası və patologiya fənləri üzrə əvvəlcə çoxseçimli, sonra isə açıq tipli test tapşırıqları təqdim olunub. Toplu test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və onların 20 faizinin gələcəkdə imtahanlarda istifadə olunması istisna olunmur".

M.Abbaszadə vurğulayıb ki, bu toplu nəinki rezidenturaya hazırlaşanlar üçün, ümumiyyətlə, testologiyaya maraq göstərən hər kəs üçün dəyərli mənbə rolunu oynayacaq, müvafiq fənlər üzrə test tərtibi ilə məşğul olan mütəxəssislərin sayının artmasına təsir edəcək: "Eyni zamanda, fənn müəllimləri vəsaitdən tədris prosesində biliyin qiymətləndirilməsi üçün istifadə edə biləcəklər. Tələbələr isə tədris zamanı əldə etdikləri bilikləri bu test tapşırıqları vasitəsi ilə yoxlamaq imkanı qazanacaqlar. Test tapşırıqları üzərində iş imtahana psixoloji hazırlıqda da əhəmiyyətli rol oynayacaq".

Onun fikrincə, rezidenturaya qəbul imtahanında biliklə yanaşı, mühakimə qabiliyyəti də vacıb şərtdir: "Bu baxımdan topludakı test tapşırıqları qəbul proqramını mənimsəmiş namizədlərin həm biliklərini müstəqil surətdə yoxlaya bilmələri, həm də idrakı bacarıqlarını inkişaf etdirmələri üçün əvəzsiz mənbədir. Ümüd edirik ki, bu test tapşırıqları ilə işləməklə, onlar imtahan zamanı məhdud vaxt ərzində biliklərini nümayiş etdirmək qabiliyyətlərini də inkişaf etdirə biləcəklər.

Test toplusunda tapşırıqların düzgün cavabları da verilib. Bunda məqsəd namizədlərə testlərlə müstəqil surətdə işləmək imkanının yaradılmasıdır. Əlbəttə, vəsait dərslikləri əvəz etmir. İmtahana dərsliklərdəki materialları dərindən mənimsəməklə hazırlaşmaq lazımdır. Məsləhət görürük ki, əvvəlcə ayrı-ayrı fənlər üzrə proqramların müvafiq bölməsinə aid mövzuları dərslikdən tam öyrənin, sonra həmin bölməyə aid test tapşırıqları ilə işləyin. Test tapşırıqlarının düzgün cavablarına isə onları sərbəst həll edib qurtardıqdan sonra baxın və cavablarınızı etalon cavablarla tutuşdurun”.

Jurnalı bu linkdəki ünvanlardan əldə edə bilərsiniz.