Dövlət Komitəsinin rəsmisi: “Bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür” - MÜSAHİBƏ

Bakı. 7 yanvar. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadənin “Report”a müsahibəsi:

- Azərbaycanda məişət zorakılığının, əsasən, hansı növünə rast gəlinir? Əsas səbəb nədir?

- Zorakılıqlar iki yerə ayrılır: məişət və qeyri-məişət zəminində törədilənlər. Məişət zorakılığı isə psixoloji, cinsi, iqtisadi və fiziki olaraq 4 növə bölünür. Bu növlərə baxmayaraq, insanların yaddaşında daha çox fiziki tərəf qalır. Zorakılığın bütün növləri bir-biri ilə əlaqəlidir. Hər şeydən öncə fərdlər arasında psixoloji mühit yaranır, psixoloji zorakılıq törədilir, iş daha da  böyüyən hala gələndə artıq fiziki zorakılıq faktı baş verir.

Yəni zorakılıq bir günün məsələsi deyil, illərlə yığılmış nifrət və aqressiyadır. Bu illər tərəfləri o həddə gətirir ki, artıq bir-birlərinə fiziki xəsarət yetirirlər. Cinayət faktı qeydə alınanda cinayətkar öz cəzasını çəkir, qalan ailə üzvlərinə isə həm yerli icra hakimiyyətləri, həm də yerli qurumlar psixoloji yardım edir.

Azərbaycanda məişət zorakılığının fiziki tərəfinə daha çox diqqət yetirilir. İnsanlar fikirləşirlər ki, ancaq kimisə döymək zorakılıqdır. Fiziki zorakılığın nəticəsi göz önündə olur, bu zaman xəsarət olur. Digərlərini isə gözlə görmək olmur.

- Son illər fiziki zorakılığın sayında artım və ya azalma varmı?

- Son illər Azərbaycanda fiziki zorakılığın sayı azalıb. Səbəbi də ondan ibarətdir ki, insanlar artıq fiziki zorakılığa qədər olan proseslərdə müvafiq qurumlara müraciət edirlər.

Əvvəllər bıçaq sümüyə dirənənə qədər o proseslər olurdu. Amma artıq insanlar daha tez reaksiya verirlər, belə olanda fiziki zorakılığa qədər gəlib çıxmır.

İnsanlar artıq öz hüquqlarını öyrənməyə başlayıblar. Bunda təbii ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələr böyük rol oynayır. Maarifləndirmənin müsbət nəticələri artıq görünür. Artıq vətəndaş başa düşməlidir ki, zorakılığın ilk mərhələsində hərəkətə keçmək lazımdır, son səviyyəyə gətirib çıxartmaq olmaz.

- Adətən, fiziki zorakılığı daha çox kişilər edir, bəs Azərbaycanda fiziki zorakılıq törədən qadınlar çoxdurmu?

- Azərbaycanda fiziki zorakılığı daha çox kişilər törədir. Təbii ki, qadınlar tərəfindən də törədilən fiziki zorakılıq faktları olur. Bəzən özünü çətin idarə edən əlil, xəstə, qoca kişilər olur ki, qadınlar onlara qarşı zorakılıq edir. Məsələn, qadın kişinin pensiyasını əlindən alır, onların istirahətlərinə mane olur, psixoloji təsir göstərir. Hətta bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür.

- Psixoloji zorakılıq nədir, daha çox kimə qarşı törədilir?

- Ailədə bir fərd öz fikrini izah etməyə çalışır, digər ailə üzvləri ona təzyiq edir, ona fikir söyləmə azadlığı vermirlərsə, öz qərarını verməyə mane olurlarsa, bu, psixoloji zorakılıqdır.

Psixoloji zorakılıq Azərbaycanda daha çox uşaqlara və qadınlara qarşı törədilir.

Uşaqlara psixoloji zorakılıq, əsasən, natamam ailələrdə daha çox olur. Uşaq hansı valideyndədirsə o, digər valideyni uşağa pisləyir, bu da uşağa psixoloji təsir edir. Uşağın yanında valideynin digər valideynə zorakılığın hər hansı bir növünü törətməsi birbaşa uşağa qarşı zorakılıqdır.

- Məişət zorakılığını törədənlərin və ona məruz qalanlar daha çox hansı yaş aralığında olurlar?

- Şiddətin yaş aralığı yoxdur. Bəzən 25 il ailəli olan cütlük zorakılıqla bağlı müraciət edir. Hətta müraciət edən tərəf deyir ki, 20 il normal yaşmışıq, son 5 ildə nələrsə dəyişdi və həyat yoldaşım mənə fiziki zorakılıq etməyə başladı.

- Gənc ailələrdə məişət zorakılığı ilə bağlı vəziyyət necədir?

- Son dövrlərdə gənc ailələrdə zorakılıq çox nadir hallarda olur. Çünki müasir gənclər öz hüquqlarını bilir, bu səbəbdən də gənc ailələrdə fərdlərin döyülməsi çətin məsələdir. Zorakılıq insanın şəxsi keyfiyyətlərinə və ailənin mühitinə görə dəyişir, təhsil belə burda əsas faktor deyil. Bəzən hər iki tərəfin ali savadlı olduğu ailələrdə belə zorakılıq hallarına rast gəlinir. Düzdür təhsil mühümdür, amma şəxs üçün gördüyü həyat tərzi və aldığı tərbiyə daha çox rol oynayır. Zorakılıq şəxsin uşaqlıqda gördüyü, ona tətbiq olunanlar, onun həyatına təsir edən nüanslara görə dəyişir.