Əflatun Amaşov: “Ölkəyə gətirilən qəzet kağızı əlavə dəyər vergisindən azad olunmalıdır”

Bakı. 16 mart. REPORT.AZ/ “Ölkəyə gətirilən qəzet kağızı əlavə dəyər vergisindən azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. Amma bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb. Əslində bu vergi dövlət büdcəsinə elə də böyük gəlir gətirmir, bu rəqəm, təxminən, yarım milyon manata qədərdir”.

“Report”un xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, əlavə dəyər vergisi medianın iqtisadi durumuna mənfi təsir edir: “İndiki şəraitdə medianın iqtisadi durumu və yerinə yetirdiyi ictimai missiya mütləq nəzərə alınmalıdır. Missiya yalnız ictimai deyil, həm də stratejidir. Hər hansı qəzet nəşrini dayandırırsa, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Bu məsələnin reallaşması üçün hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır”.