Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.