EYOF: Azərbaycan komandası medal sıralamasında “üçlük”də qala bilməyəcək

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) çıxışını başa vuran Azərbaycan millisi medal sıralamasında “üçlük”də qala bilməyəcək.

“Report” xəbər verir ki, buna səbəb Türkiyənin cüdo üzrə millisinin qarışıq komanda yarışında finala çıxmasıdır. Bu ölkənin oğlanlardan ibarət basketbol yığması da daha öncə həlledici görüşə vəsiqə qazanıb. Bu isə o deməkdir ki, Türkiyə ən azı 2 gümüş medal əldə edərək, Azərbaycanı keçəcək.

Hazırda Rusiya komandası 27 qızıl, 16 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Böyük Britaniya yığması 11 qızıl, 12 gümüş və 1 bürünc medalı 2-ci yerdədir. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi 3-cü pillədədir. Aktivində 10 qızıl, 5 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 4-cü yerdədir.