Filip Ozobiç: “Qarabağ”la matçın başlanğıcı hər iki tərəf üçün önəmlidir”

"Qəbələ"nin legioneri: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

Bakı. 8 fevral. REPORT.AZ/ “Bu, yeni ildə ilk oyundur, hər şey ola bilər. Rəqib cari mövsümdə də özünü yaxşı tərəfdən göstərməkdədir”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib. Xorvatiyalı yarımmüdafiəçi qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçdiklərini və hazırda 37 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan Ağdam klubu ilə duelə kökləndiklərini söyləyib.

Ozobiç matçın ilk dəqiqələrinin hər iki tərəf üçün önəmli olacağını bildirib: “Çətin olacaq, amma bizim də şansımız var. Aramızda 6 xallıq fərq mövcuddur və rəqib liderdir. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Dino Ndlovunun "Qarabağ"dan gedişi bizim üçün üstünlük deyil. Əlbəttə, o, qollar vururdu. Ancaq “Qarabağ”ın heyəti kifayət qədər yaxşı futbolçulardan formalaşıb. Onlar da təhlükəlidirlər. Fikrimcə, matçın başlanğıcı önəmlidir. İlk dəqiqələrdən özünü daha yaxşı göstərən komanda şanslı olacaq”.

Qeyd edək ki, fevralın 10-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.