“Şərq tərəfdaşlığı” ölkələri iqlim dəyişiklikləri problemini Tbilisidə müzakirə edir

Gürcüstanın paytaxtı Tbilisidə Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdə iqlim dəyişiklikləri mövzusunda regional seminar keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstan, Azərbaycan, Belarus, Ermənistan, Moldova və Ukraynada iqlim dəyişiklikləri təsirlərinin yumşaldılması, iqlimə həssas siyasət və istixana qazı tullantılarının azaldılması məsələləri müzakirə olunur.

Seminarın ilk günü Paris İqlim Sazişinə uyğun olaraq istixana qazı tullantılarının azaldılması ilə bağlı götürülən öhdəliklərin milli səviyyələrdə yerinə yetirilməsi mövzusuna həsr olunub.

İki gün davam edəcək müzakirələr Aİ, BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə “EU4Climate” proqramı çərçivəsində təşkil edilib.