ABŞ bu il Əfqanıstanı İŞİD yaraqlılarından azad etmək niyyətindədir

ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi: "2017-ci ildə onları məhv etmək üçün yaxşı şansımız var"

ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi:

Bakı. 2 may. REPORT.AZ/ ABŞ cari ildə Əfqanıstanın rayonlarını İŞİD terror qruplaşmasının yaraqlılarından təmizləmək niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi Bill Salvin məlumat verib.

"2017-ci ildə onları məhv etmək, həmçinin İŞİD terror qruplaşmasının başqa bölgələrdə zərərsizləşdirilməsindən sonra Əfqanıstanın yenidən toparlanmaq və hücum etmək üçün məkan olmadığını onlara başa salmaq üçün yaxşı şansımız var", - deyə B.Salvin bildirib.

Onun sözlərinə görə, daha əvvəl bölgədə İŞİD yaraqlılarının sayı 2,5-3 min nəfərə çatırdısa, hazırda döyüşlərdə ölüm və fərarilik halları ilə əlaqədar say 800-ə qədər azalıb.

Qeyd edək ki, ABŞ 2001-ci ildə Əfqanıstanda "Taliban" hərəkatının yaraqlılarına qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda ölkədə təxminən 8,4 min amerikalı hərbçi var. Onlar əsasən, yerli təhlükəsizlik qüvvələrinə Taliban və İŞİD yaraqlılarına qarşı mübarizədə yardım edir.