"Abşeron" yatağında ilk quyunun istismar lüləsinin qazılmasına başlanılıb

"Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında kəşfiyyat-istismar quyusunun istismar lüləsinin qazılmasına başlanılıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.

"Karbohidrogen ehtiyatları 350 mlrd. kubmetr qaz, 45 mln. ton kondensat həcmində qiymətləndirilən “Abşeron” yatağında “Heydər Əliyev” yarımdalma qazma qurğusu vasitəsilə kəşfiyyat-istismar quyusu qazılır. Quyunun kəşfiyyat lüləsi 7411 metr dərinliyə qədər qazılaraq, yatağın ehtiyat potensialının yüksək olduğunu aşkara çıxarıb. Hazırda istismar lüləsinin qazmasına başlanılıb, eyni zamanda infrastrukturun qurulması işləri icra edilməkdədir",- R.Abdullayev qeyd edib.

O, həmçinin bildirib ki,“Ümid-Babək” layihəsi üzrə işlər uğurla həyata keçirilir. 

SOCAR-ın prezidenti xatırladıb ki, bu yaxınlarda “Ümid” yatağında mürəkkəb geoloji strukturda müxtəlif texnoloji yeniliklər tətbiq edilməklə 6810 metr dərinliyə qazılmış yüksək məhsuldarlığa malik yeni quyu bu yatağın böyük potensialını, ilkin çıxarılabilən ehtiyatların 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində olduğunu bir daha təsdiqləyib: “Ümid” yatağında ikinci özülün inşası, “Babək” strukturunun kəşfiyyatişlərinə başlanılması və müvafiq infrastrukturun tikintisi planlaşdırılmış layihə proqramı üzrə davam etdirilir. Növbəti mərhələdə “Əşrəfi”-“Dan ulduzu”-“Aypara”, “Şəfəq”-“Asiman” və Abşeron yarımadası ətrafında dayaz sulu sahələrdə də axtarış-qazma işlərinə başlamağı nəzərdə tuturuq. Yeni yataq və strukturlarla yanaşı, artıq işlənmədə olan yataqlarda daha məhsuldar lay və horizontların açılması və mənimsənilməsi də diqqət mərkəzindədir. Qazma bölmələrimiz artıq 6000 metr və daha böyük dərinlikdə, anomal təzyiq və temperaturlu quyularda yüksək texnoloji tələblər səviyyəsində əməliyyatları uğurla həyata keçirirlər. “Bulla Dəniz” yatağında qazanılan nailiyyətlər bunun əyani göstəricisidir. Son illər bu yataqda SOCAR-ın daxili imkanları hesabına müasir standartlara cavab verən bir neçə yeni dərin dəniz özülünün tikilib quraşdırıldığını da qeyd etmək istəyirəm".