Parisdə Alim Qasımovun iştirakı ilə "Yeddi gözəl" musiqi layihəsi təqdim olunub - FOTO

Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Fransanın Yaxın Şərq və Avropa üzrə Müasir İncəsənət İnstitutunun (SAPEM) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Yeddi gözəl" musiqi layihəsinin təqdimatı keçirilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, xanəndə Alim Qasımovun iştirakı ilə baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Konyak şəhərinin meri, Fransanın siyasət, mədəniyyət, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev 2003-cü ildə Azərbaycan muğamının dəyərinin bütün bəşəriyyətin mədəniyyəti üçün YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunaraq bu mötəbər qurumun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qonaqların nəzərinə çatdırıb. Səfir bildirib ki, bir tərəfdən müasirliyi, digər tərəfdən də ənənələri özündə tərənnüm edən Azərbaycan kimi muğamı da qədimliklə müasirliyi özündə uğurla sintez edir.

Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin professoru Jan During çıxış edərək, Azərbaycan muğamının tarixi, incəlikləri, azərbaycanlı muğam xanəndəsi YUNESKO-nun Musiqi Mükafatına layiq görülmüş A.Qasımovun yaradıcılığı haqqında ətraflı məlumat verib. Professor muğamın Azərbaycanın regionlarından olan Qarabağda, Şuşa şəhərdə yarandığını qonaqların nəzərinə çatdırıb və Şuşada inkişaf edən musiqi mədəniyyəti və ümumiyyətlə tarix boyu Azərbaycanda musiqi təhsilinə ayrılan yüksək qayğı və diqqətdən danışıb.

Fransanın Film Musiqi Mədəniyyətlərarası Assosiasiyanın (fnica) prezidenti Gvendelin Lumaret qonaqlara "Yeddi gözəl" musiqi layihəsi haqqında ətraflı məlumat verib. Layihə 7 videoklip, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin sözlərinə yazılmış, A.Qasımovun ifasında "Qara Torpaq" adlanan muğam musiqisindən ibarət disk, A.Qasımovun 12 fotosu, xanındə haqqında kitab və digər audio vəsait və mədəni tədbirləri əhatə edir. Tədbir iştirakçılarına bu yaxınlarda tamamlanmış birinci musiqi klipi ilk dəfə olaraq nümayiş etdirilib. N.Gəncəvinin sözlərinə bəstələnmiş, A.Qasımovun ifasında səsləndirilən bu musiqinin görüntüləri Xəzərdə yerləşən adaların birində çəkilib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar A.Qasımovun fotolarından ibarət sərgi ilə tanış olublar. Xanəndənin fotoları təşkilatçılar tərəfindən Fransanın bir sıra dövlət, təhsil və mədəniyyət ocaqlarına hədiyyə ediləcək.

Layihə çərçivəsində martın 20-də YUNESKO-da A.Qasımovun ifası ilə "Yeddi gözəl" muğam konsertinin keçirilməsi planlaşdırılır.