Qaret Beyl “El-Klasiko”nu buraxa bilər

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Qaret Beyl La Liqanın X turundan təxirə salınan “Barselona” ilə oyunu buraxa bilər.

“Report” ESPN-ə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı uelsli hücumçunun budunun arxa hissəsində ağrıların olmasıdır. Üç gündür fərdi məşq edən forvardın növbəti 2 matçda iştirak edə bilməyəcəyi, “El-Klasiko”da forma geyinməsinin isə sual altında olduğu bildirilir.

Bunadək belçikalı hücumçu Eden Azar və braziliyalı sol cinah müdafiəçisi Marselonun da “El-Klasiko” iştirak etməyəcəyi açıqlanıb.

“Real Madrid” dekabrın 7-də La Liqanın XV turu çərçivəsində “Espanyol”u qəbul edəcək. Ayın 11-də isə komandanı Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Brügge” ilə Belçikada oyun gözləyir.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək “Barselona” – “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.